Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənədi bu gün Bakıda hər iki ölkənin müdafiə nazirləri Zakir Həsənov və Levan İzoria imzalayıb.
“Görüşdə nazirlər rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər, həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən Z.Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.*
F.İsazadə