Ermənistan dövlət səviyyəsində daim separatizmi dəstəkləyir, bu da regional sabitliyə ciddi təhdiddir. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
Cümə günü Z.Həsənov Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib. Bu barədə nazirlikdən məlumat verilib.
“İşğalçı ölkə olan Ermənistanın dövlət səviyyəsində daim separatizmi dəstəkləməsi regional sabitliyə ciddi təhdid təşkil edir”, - Z.Həsənov görüş zamanı bildirib.
Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.
“Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”, - Z.Həsənov vurğulayıb.
O, strateji tərəfdaşlığımızın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. **
F.İsazadə