İzmirdə inşa edilən “STAR” NEZ 2018-ci ilin iyun ayında emal üçün xammal neftinin ilk partiyasını əldə edəcək. Bunu zavodun baş direktoru Mesut İlter deyib.
“STAR” NEZ-in tikinti işlərinin 97,9%-i, ümumilikdə isə layihənin 98,7%-i həyata keçirilib. Zavodda istehsal olunan ilk məhsulu 2018-ci ilin sentyabr ayının son həftəsi tankerlərlə yola salmağı planlaşdırırıq. Bu məqsədə nail olmaq üçün iyun ayında emal üçün xammal neftinin ilk tanker partiyasını əldə edəcəyik”, - Türkiyə mətbuatı M.İlterin sözlərindən sitat gətirir.
O məlumat verib ki, “STAR” NEZ-in 2018-ci ilin III rübündə istifadəyə verilməsi məqsədilə yayda zavodda test sınaqlarına başlanacaq.
M.İlterin sözlərinə görə, 2017-ci ilin avqust ayında zavodda enerji təchizatı prosesinə başlanılıb və hazırda NEZ-in bütün sistemləri elektik enerjisi ilə təchiz olunub. “Bundan əlavə, buxar kəmərlərinin təmizlənmə prosesinə başlanılıb. Yaxın bir neçə həftə ərzində ilk yanacaq qazı ilə buxar qazanlarını istifadəyə verəcəyik”, - o vurğulayıb.
O cümlədən, M.İlter xatırladıb ki, NEZ-in gücü illik 10 mln. ton neft təşkil edəcək. İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Dəyəri $6,3 mlrd. təşkil edən “STAR” NEZ özəl sektorun Türkiyə iqtisadiyyatına ən iri yatırımı olub. Bu zavodun tammiqyaslı fəaliyyəti Türkiyənin illik $1,5 mln. məbləğində cari hesabının kəsirini ödəməyə imkan yaradacaq”, - M.İlter qeyd edib. **
N.Abbasova