Ermənistan Azərbaycana qarşı işğala son qoymalıdır. Bunu prezident İlham Əliyev deyib.
İ.Əliyev bu gün ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə prezidentin saytında məlumat verilir.
Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub.
Prezident İ.Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
G.Tsereteli Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulanıb və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi bildirilib.*
F.İsazadə