Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, Bakı vəTbilisi arasında əməkdaşlıq regional formatdan çıxıb qlobal müstəviyə qalxacaq.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.
“Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır”, - İ.Əliyev görüş zamanı bildirib.
O həmçinin məmnunluqla qeyd edib ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur.
“2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev əminliklə qeyd edib ki, Bakı və Tbilisi arasında bundan sonra da iki xalqın maraqlarına xidmət edəcək.
Öz növbəsində G.Kvirikaşvili bildirib ki, bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə Azərbaycan Gürcüstan üçün birinci yerdədir.
“Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazı “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür”, - baş nazir vurğulayıb.
“Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir”, - o əlavə edib. **
F.İsazadə