Azərbaycan Silahlı Qüvvələri tərəfindən bazar ertəsi start götürən genişmiqyaslı təlimlər ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Martın 12-də Azərbaycan Silahlı Qüvvələri müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bəyan edib ki, Azərbaycan ATƏT-ə üzv ölkələrinə genişmiqyaslı hərbi təlimlərin hazırlanması barədə məlumat verməyib.
"Ermənistan XİN-in Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi əsasında öhdəliklər daşıması deyəsən indi yadına düşüb", - H.Hacıyev erməni həmkarının bəyanatını şərh edərkən bildirib.
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur”, - H.Hacıyev əlavə edib.
O xatırladıb ki, Ermənistan BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, güc tətbiq etməklə, Azərbaycan ərazilərini işğal edib.
Bundan əlavə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. “Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir”, - H.Hacıyev bəyan edib.
“Bu qüvvələri Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir”, - o əlavə edib.**
F.İsazadə