İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına ümumi investisiyaları 3,1 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
İrana səfəri çərşivəsinsə Ş.Mustafayev bu ölkənin iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Tərəflər ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediblər.
“Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb”, - məlumatda deyilir.
Nazir həmçinin bildirib ki, 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan 19 mindən çox TIR keçib.
“İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb. “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir”, - Ş.Mustafayev qeyd edib.
Nazir həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından Astara, Culfa və Biləsuvar sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyətini qeyd edib. **
N.Abbasova