Buxarest Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu Rumıniyanın baş nazirinin müavini Ana Birçall deyib.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Rumıniyanın baş nazirinin müavini Ana Birçallı qəbul edib.
“Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək”, - dövlət başçısının saytı A.Birçallın sözlərindən sitat gətirir.
Baş nazirin müaviniqeyd edib ki, Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycan mühüm rol oynayır.
A.Birçall bildirdi ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir.
O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu dedi.
Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulandı, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edildi. **
F.İsazadə