2018-ci ilin yanvar-fevral aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $327 mln. 123,75 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 38,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,93%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Rusiyaya $83 mln. 735,59 min dəyərində Azərbaycan məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 67,9% çoxdur. Bütövlükdə 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan ixracın 3,79%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda qeyd olunur.
Yanvar-fevral aylarında Rusiyadan Azərbaycana $243 mln. 388,16 min dəyərində məhsul idxal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 30,9% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 16,77% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-fevral aylarında RF ilə ixrac-idxal münasibətlərində Azərbaycanın mənfi saldosu $159 mln. 652,57 min təşkil edib.
2017-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
B.Rüstəmbəyov