Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu prezident İlham Əliyev deyib.
"Azərbaycan Ermənistanın təcavüzü və işğalının qurbanıdır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini – Dağlıq Qarabağı və ona bitişik 7 rayonu azad etmək istəmir. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistana sanksiyalar tətbiq olunmalıdır”, - deyə o, bu gün Bakıda keçirilən VI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Dövlət başçısının sğözlərinə görə, status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər.
İ.Əliyev əlavə edib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb. "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb”, - deyə prezident vurğulayıb.*
F.İsazadə