Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri cümə axşamı Bakıda Cənub-Şərq nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Bu, (dördtərəfli - İF) yeni format regional əməkdaşlıq üçün vacibdir. Biz bu gün Cənub-Şərq nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə etdik. Həmin dəhliz ölkələrimizi birləşdirir və əməkdaşlıq üçün müxtəlif imkanlar yaradır”, - E.Məmmədyarov cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi Hind və Atlantik okeanlarını birləşdirməyə şərait yaradacaq.
“Biz dördtərəfli əməkdaşlıqda maraqlıyıq və mövcud potensialı müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün istifadə etmək niyyətindəyik”, - Gürcüstanın xarici işlər naziri Mixail Canelidze vurğulayıb.
O qeyd edib ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları Gürcüstana mövcud zəngin potensialdan istifadə etməyə imkan yaradır.
“Biz ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının inkişafında maraqlıyıq. Bu gün energetika, tranzit, turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu əməkdaşlıq bizim üçün böyük imkanlar yaradacaq”, - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. **
F.İsazadə