2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 7,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4%, neft sektorunda isə 0,4% artıb.
Yanvar-fevral aylarında məhsulun 75%-i mədənçıxarma bölməsində, 20%-i emal bölməsində, 4,4%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda tütün məmulatlarının istehsalı 3,3 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1%, poliqrafiya məhsullarının istehsalı 38%, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, kimya sənayesi məhsullarının istehsalı 6,3%, tikinti materiallarının istehsalı 40%, hazır metal məmulatlarının istehsalı 6,7%, elektrik avadanlıqlarının istehsalı 43,4%, mebel istehsalı 34,7% artıb.
Hesabat dövründə qida məhsullarının istehsalı 6,7%, içkilərin istehsalı 19%, geyim istehsalı 48,3%, kağız və karton istehsalı 3,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9%, metallurgiya məmulatlarının istehsalı 10%, kompüter və elektron məhsulların istehsalı 6,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,8% sair nəqliyyat vasitələrinin istehsalı 72,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9% azalıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır. **
N.Abbasova