2017-ci ildə Azərbaycan 54,8 min ABŞ dolları dəyərində 6,5 ton bal ixrac edib ki, onun da 93,8 faizi Yaponiyanın payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il Azərbaycan 5 ölkəyə bal ixrac edib.
2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunub.
“Balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olub”, - deyə məlumatda qeyd olunur.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək, bal istehsalı isə 2,2 dəfə artıb.*
N.Abbasova