Genişmiqyaslı təlimlərdə Azərbaycan Ordusu qarşısında qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.
“Müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib”, - nazirlik Z.Həsənovun sözlərindən sitat gətirir.
Nazirşəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
“İdarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər”, - Z.Həsənov vurğulayıb.
Nazir bildirib ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələr yüksək hazırlıq səviyyəsini nümayiş etdiriblər.
“Bu təlimlərdə qoşunların əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərdi”, - o qeyd edib.
Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. **
F.İsazadə