Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini Rusiyada prezidenti seçkilərində inamlı qələbə münasibətilə təbrik edib.
“Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir”, - Azərbaycan dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
İ.Əliyev qeyd edib ki, “Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”. “Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm”, - o vurğulayıb.
İ.Əliyev əminliklə bildirib ki, Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə iki dövlətin liderlərinin birgə səyləri “xalqların və ölkələrin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək”. **
A.Əzizov