2018-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 5 mln. 458,1 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-fevral aylarında BTC ilə 5 mln. 458,1 min ton neft daşınıb, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 81,7%-ni təşkil edir”, - Komitədən qeyd ediblər.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 1 mln. 10,8 min ton təşkil edib, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 1,2% çoxdur.
Xəbər verildiyi kimi, 2017-ci ildə BTC ilə neft nəqlinin ümumi həcmi 33 mln. 755 min ton, həmçinin tranzit neftinin nəqlinin həcmi - 6 mln. 432,4 min ton təşkil edib. **
N.Abbasova