Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Vladimir Putinə telefonla zəng edərək onun Rusiya Federasiyasının Prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib.
“İ.Əliyev söhbət zamanı V.Putinə Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb”, - Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
İ.Əliyev qeyd edib ki, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
“V.Putin öz növbəsində əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə