2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 32 mln. 348,3 min ton təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında qeyri-neft yük daşımalarının həcmi 1,1% - 23,7 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 78,3% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,7% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin yanvar-fevral aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 2,127 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəricisindən 20,6% azdır.
Dəniz nəqliyyatı ilə 1 mln. 404,4 min ton (artım 11,1%), avtomobil nəqliyyatı ilə 18 mln. 857,9 min ton (artım 2,3%), hava nəqliyyatı ilə 33,6 min ton (artım 35,5%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 6 mln. 679 min ton neft (azalma 2,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova