Azərbaycanın “Cybernet” şirkəti daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılmasının proqram təminatını hazırlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
““Cybernet” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) keçirdiyi müvafiq tenderin qalibi olub. Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək, biznesin maliyyə resurslarına çıxışını asanlaşdıracaq», – deyə məlumatda bildirilir.
Şirkətin məlumatına görə, reyestr dövlət qeydiyyatına malik olmayan daşınar əmlakın yüklülüyü bazasını yaratmağa imkan verəcək, kredit təşkilatlarının bu məlumatlara sərbəst çıxışını, yüklü edilmiş əmlakın təkrar istifadəsini təmin edəcək, ondan istifadə hüquqlarını məhdudlaşdıracaq və bununla da girov təminatı seçimini genişləndirəcək.
Reyestr, həmçinin fiziki və hüquqi şəxslərə öz daşınar əmlakını qeydiyyata almağa və kredit götürərkən ondan girov kimi istifadə etməyə imkan verəcək ki, bu da onların maliyyə resurslarına çıxışını asanlaşdıracaq.*
N.Abbasova