İran Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır. Bunu İran prezidenti Həsən Ruhani deyib.
“Şimal–Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır”, - H.Ruhanı Azərbaycan prezidenti Ilham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, iki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir.
H.Ruhanı qeyd edib ki, İran və Azərbaycanın Xəzər dənizində çoxlu birgə mənafeləri var. “Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”, - o əlavə edib.
O vurğulayıb ki, Bakı və Tehran gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilər. “Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir”, - H.Ruhanı bəyan edib.
O hesab edir ki, İran və Azərbaycan həmçinin bank sahəsində əməkdaşlığı aktivləşdirməlidir. “İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılıb”, - H.Ruhani vurğulayıb.
İran lideri hesab edir ki, Tehran və Bakı “regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün iradəyə malikdir”. **
A.Əzizov