“Şahdağ” Turizm Mərkəzi 2017-2018-ci il qış mövsümünü bağlı elan edir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir. Ötən mövsüm ərzində turizm mərkəzini 120 mindən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil etmiş, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib”, - məlumatda deyilir.
Mərkəzin qonaqlarının 30%-ni xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil edib.
“Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində iyun ayından sentyabr ayınadək davam edən yay mövsümü üçün hazırlıqlara start verilib”, - məlumatda qeyd olunur.
“Şahdağ” Turizm Mərkəzi MMC Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. **
N.Abbasova