Aprelin 20-21-də Yekaterinburqda keçiriləcək “Bolşoy Ural” beynəlxalq turizm forumunda Azərbaycanın çimərlik istirahətindən başlayaraq işgüzar və hadisə turizminə qədər unikal turizm təklifləri təqdim olunacaq.
Sverdlovsk vilayəti hökumətinin saytında verilən məlumata görə, Azərbaycan forumun rəsmi tərəfdaş ölkəsi olacaq.
Vilayətin qubernatoru Yevgeniy Kuyvaşev regionlararası, o cümlədən turizm sahəsində əlaqələrin inkişafını qarşıya vəzifə qoyur.
Məlumatda qeyd olunur ki, Azərbaycanın turizm ictimaiyyətinin nümayəndələri tərəfindən müxtəlif təkliflər hazırlanıb. Azərbaycan hökuməti üçün turizmin, xüsusilə çimərlik turizminin inkişafı yaxın bir neçə il üçün prioritet istiqamətdir. Bu gün turistlər Bakı, Abşeron yarımadası, Böyük İpək Yolu şəhərləri, eləcə də Azərbaycanın ən ucqar və koloritli guşələrinə turlara dəvət olunurlar. “Bolşoy Ural” forumunda vilayət sakinlərinə Azərbaycanda çimərlik istirahəti, aktiv, hadisə və işgüzar turizmin imkanları təqdim olunacaq.
Sverdlovsk vilayətinin Xarici İqtisadi Əlaqələr Nazirliyindən verilən məlumata görə, Orta Ural və Azərbaycan arasında humanitar sahədə əməkdaşlıq başqa istiqamətlərdə də inkişaf edir. Xüsusilə Uralda fəaliyyət göstərən bir sıra ali məktəblərlə Bakı universitetləri arasında sazişlər bağlanıb, Yekaterinburqda onlarla azərbaycanlı tələbə təhsil alır, Ural Federal Universitetinin bazasında Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir.
Qubernator Y.Kuyvaşevin 2014-cü ildə Bakıya səfəri Sverdlovsk vilayəti və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verib. O zaman regionun nümayəndə heyəti prezident İlham Əliyev tərəfindən qəbul olunmuş, çoxsaylı danışıqlar aparılmış və görüşlər keçirilmişdi. 2017-ci ilin yekunları üzrə vilayətlə respublika arasında ticarət dövriyyəsinin həcmi 16% artaraq $52 mln.-a çatıb.*
A.Əzizov