«Azərsu» ASC 3 şəhərdə çirkab sutəmizləyici qurğuların mexaniki hissələrinin tikintisi haqqında 22 mln. 880,547 min manatlıq podrat müqavilələri imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
«Müqavilələr Beyləqan, Ağdaş və Ağcabədi şəhərlərində sutkalıq gücü 10 min kubmetr olan çirkab sutəmizləyici qurğuların mexaniki hissələrinin, eləcə də Beyləqanda kanalizasiya kollektorunun tikintisini nəzərdə tutur. Bu şəhərlərdə hər bir qurğu üçün mühafizə binasının, inzibati və transformator binalarının, içməli su anbarı və nansos stansiyalarının, daxili və xarici elektrik təchizatı sisteminin və digər infrastrukturun tikintisi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Beyləqanda çirkab sutəmizləyici qurğuların mexaniki hissələrinin və 2 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi haqqında müqavilə “T.T.S.-Inshaat” MMC ilə imzalanıb. Müqavilənin dəyəri 8 mln. 888,218 min manatdır.
“Azərsu” ASC-nin sifarişi ilə Ağcabədidə çirkab sutəmizləyici qurğuların mexaniki hissələrinin tikintisi «Tunel Tikinti Servis» MMC və «Alke Inshaat Senaye ve Ticaret» ASC tərəfindən birgə həyata keçiriləcək. Bu şirkətlərlə 6 mln. 698,368 min manat dəyərində müqavilə imzalanıb.
Bundan başqa, «Azərsu» «Alke Inshaat Senaye ve Ticaret» ASC-ni Ağdaşda çirkab sutəmizləyici qurğuların mexaniki hissələrinin tikintisinə cəlb edib. Şirkətlə imzalanmış müqavilənin dəyəri 7 mln. 293,96 min manatdır.*
N.Abbasova