Rusiyalı siyasətçilər 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdikləri qırğınları soyqırım kimi tanımalıdırlar. Bunu rusiyalı tarixçi Oleq Kuznetsov deyib.
“1918-ci ilin hadisələri soyqırımdır. 1998-ci il martın 26-da sabiq prezident Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu fərman çox haqlı olaraq imzalanıb və hüquqi əsasa malikdir. Buna görə azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur", - O.Kuznetsov “1918-ci il - azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda bildirib.
Öz növbəsində “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Kamal Çiçək qeyd edib ki, Ermənistan şovinist siyasəti sayəsində Qafqazda monoetnik dövlətdir. “Yalnız Ermənistan özünün şovinist dövlət siyasəti sayəsində Qafqazda yeganə monoetnik ölkədir”, - K.Çiçək bəyan edib.
O əlavə edib ki, Ermənistan daima qonşu dövlətlərin - Türkiyə, Azərbaycan və Gürcüstanın torpaqlarına iddia edir, “baxmayaraq ki, bu ölkələrin Ermənistana ərazi iddiaları yoxdur”.
“Son əsrlər boyu Türkiyə və Azərbaycan ermənilərin işğalçı siyasətindən əziyyət çəkiirlər”, - o vurğulayıb. **
F.İsazadə