“Azneft” İstehsalat Birliyi dəniz özüllərində çalışan 1 min nəfərdən çox neftçini quruya təxliyyə edib. Bu barədə İB-dən məlumat verilir.
“Martın 30 və 31-də açıq dənizdə küləyin sürəti arabir 30 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə “Azneft” tərəfindən dəniz Neft Qaz Çıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1 min nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb”, - məlumatda deyilir.
Bundan əlavə, idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Həmçinin hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib.
“Bundan başqa, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlər həyata keçiriləcək və mövcud vəziyyət daimi nəzarətdə saxlanılacaq”, - məlumatda qeyd olunur. **
N.Abbasova