Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanındapüskürmə baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Ayrantökən palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib. **
B.Rüstəmbəyov