“PAŞA Bank” İdarə Heyətinin tərkibini yeniləyib. Bu barədə bankdan məlumat verilib.
“Dəyişikliklər bankın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində həyata keçirilib”, - məlumatda deyilir.
Təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və baş kommersiya inzibatçısı təyin edilib; Xəyalə Nağıyeva bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı vəzifəsinə təyin edilib;
Bəhruz Nağıyev İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilib; Cəlal Orucov bankın İdarə Heyətinin yeni üzvü və baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilib.
Bankın Müşahidə Şurasının tərkibində də dəyişikliklər baş verib. Belə ki, "PAŞA Holdinq"in Biznesin inkişafı üzrə direktoru və İcraçı direktorunun müavini Şahin Məmmədov Müşahidə şurasının üzvü təyin edilib.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, İdarə Heyətinin tərkibinin yenilənməsi ilk növbədə bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlib.
"Növbəti 3 il ərzində “PAŞA Bank” diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək", - T.Kazımov vurğulayıb. **
N.Abbasova