Nəqliyyat Nazirliyi hava şəraiti ilə əlaqədar Azərbaycanın bütün limanlarına gəmilərin cıxışına və girişinə qadağa qoyub. Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumatında deyilir.
«Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb. Dənizdə olan bütün gəmilər Dövlət Dəniz Agentliyinin nəzdində Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb», - deyə məlumatda qeyd olunur.
Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.
“Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir”, - deyə məlumatda qeyd olunur.
Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımı tədbirlər həyata keçiriləcək.
Daxil olan məlumata əsasən 31 mart 2018-ci il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.*
N.Abbasova