2017-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $353,4 mln. təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 61,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Ötən il Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin həcmi 9% artaraq $5,7 mlrd. təşkil edib”, - deyə AMB-dən 2017-ci il ərzində tədiyə balansına dair məlumata istinadən bildirilib.
2017-ci ildə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $2,7 mlrd. məbləğində turizm xidmətləri göstərilib. “Bu həcmin 73%-i Azərbaycan vətəndaşlarının xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür. Hesabat ilində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 4% azalıb”, - deyə məlumatda qeyd olunur.
2017-ci ildə Azərbaycana turist axını 2016-cı illə müqayisədə 20% artıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $219,4 mln. təşkil edib.*
A.Əzizov