2018-ci ilin iyun ayında Bakıda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçiriləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevməlumat verib.
Ş.Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleymi qəbul edib.
"Nazir bildirib ki, Müştərək Komissiyanın 2018-ci ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində növbəti biznes forum təşkil ediləcək”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.
Onun sözlərinə görə, iki ölkə arasında birbaşa aviareysin açılması turizm sahəsində əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli ola bilər.
Səfir isə öz növbəsində vurğulayıb ki, Müştərək Komissiyanın iclasında investiyalar, turizm və birgə layihələrin icrası ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, komissiyanın dördüncü iclası 2015-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçirilib.*