2017-ci ildə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə $971,4 mln. məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2016-cı ilin göstəricisindən 11,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2017-ci ilin tədiyə balansına dair məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $1 mlrd. 48,4 mln. məbləğində (artım 14,1%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 16%-i nəqliyyat xidmətlərinin payına düşüb.
2017-ci ildə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $35,7 mln. məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2016-cı illə müqayisədə 3,4 dəfə azdır.
“Ümumilikdə, 2017-ci ildə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $12,8 mlrd. (artım 7,6%) təşkil edib. Bundan $8,1 mlrd. məbləğində (artım 8%) xidmət qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, $4,7 mlrd. məbləğində (artım 6,8%) xidmət isə Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri $3,4 mlrd. (artım 3%) təşkil edib. Kəsirin 92%-i ($3,1 mlrd.) neft-qaz sektorunun payına düşüb.*
A.Əzizov