Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Qusar rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.*