Vergilər Nazirliyi may ayına qədər Vergi Məcəlləsinə düzəlişlər layihəsinin hazırlanmasını başa çatdımağı planlaşdırır. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı jurnalistlərə bildirib.
“Martın 31-dək vergi qanunvericiliyində dəyişikliklərə dair sahibkarların təqdim etdikləri təklifləri qəbul etmişik. Hazırda xüsusi komissiya həmin təklifləri araşdırır”, - S.Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, nazirlik Məcəlləyə düzəlişlər layihəsinin büdcə zərfi ilə birgə baxılmasında maraqlıdır. “Öncə təkliflər paketi idarələrarası razılaşdırılma və Nazirlər Kabinetində müzakirədən keçməlidir. Sonra sənədi Prezident Administrasiyasına təqdim etmək lazımdır. Biz işin bizim payımıza düşən hissəsini may ayınadək bitirmək istəyirik”, - nazir müavini vurğulayıb. **
A.Əzizov