“Bakı Metropoliteni” QSC-yə Rusiyanın "Metrovaqonmaş" ASC-nin istehsal etdiyi "81-765/766" modelində ilk metro qatarı gətirilib. Bu barədə QSC-dən məlumat verilib.
“Çərşənbə axşamı 5 vaqondan ibarət ilk metro qatarı Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, - məlumatda qeyd olunur.
"Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalanıb. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək
Vaqonların istismar müddəti 31 ildir.
“Sərnişin rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan vaqonlar geniş qapı keçidi ilə seçiləcək. Bu qatar üçün səsboğucu konstruksiyalı yeni alçaq gərginlikli təkər cütlərinin hazırlanmasını da qeyd etmək lazımdır. Bu da hərəkət edən qatarın səsinin kifayət qədər azalmasına təsir edir”, - məlumatda qeyd olunur.
Bundan əlavə, baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var. **
N.Abbasova