SOCAR Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını Sofiyada müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Bolqarıstanın energetika naziri Temenujka Petkova aprelin 3-də SOCAR-ın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşdə SOCAR-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökumətin mümkün dəstəyini ifadə edib”, - deyə məlumatda bildirilir.
Tərəflər “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında cari vəziyyəti, Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsini, Bulgartransqaz şirkəti tərəfindən qaz infrastrukturun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələri müzakirə ediblər.
“SOCAR nümayəndə heyəti ilə Bolqarıstan Su və Enerji məsələləri üzrə Tənzimləyici Orqanı arasında keçirilən görüşdə qazpaylayıcı sistemin inkişafı ətrafında mövcud lisenziya məsələləri, hüquqi və maliyyə aspektləri və texniki tələblər barəsində müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova