Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə mühüm addımları davam etdirəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Dünyadakı hazırki iqtisadi vəziyyətdə nəqliyyat və energetika sahələri ölkələrin iqtisadi və ticari inkişafı üçün ən perspektivli komponentlərdir. Bu səbəbdən, Azərbaycan həmin istiqamətlərdə layihələrə təşəıbbüs edir, bununla da regional əməkdaşlığa töhfə verir”, - E.Məmmədyarov bu gün Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Onun sözlərinə görə, xüsusilə öncə energetika sahəsində zəruri infrastrukturun yaradılması üzrə layihələr reallaşdırılıb. Hazırda nəqliyyat sahəsində infrastrukturun yaradılmasına dair layihələr həyata keçirilir.
“Azərbaycan multimodal nəqliyyat dəhlizləri, xüsusilə də qonşu ölkələr üçün maraq kəsb edən “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” dəhlizlərinin inkişafı üzrə addımları genişləndirir. Bu nəqliyyat dəhlizləri yüklərin maneəsiz və təhlükəsiz hərəkəti hesabına ticarət və iqtisadi əməkdaşlıq üçün əlverişli şərait yaradır”, - o əlavə edib. **
F.İsazadə