Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və ikili standartlar siyasətinin aradan qaldırılmasını zəruri hesab edir.
“Qoşulmama Hərəkatının məqsədləri ədalət və sabitlikdir. Türkiyənin məqsədləri eynidir və biz bu istiqamətdə fəaliyyət göstəririk. Buna görə birləşmək lazımdır. BMT TŞ cəmiyyətlərimizin maraqlarına cavab vermir, quruma daha çox ölkələr daxil olmalıdır”, - M.Çavuşoğlu bu gün
Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında bildirib.
Onun sözlərinə görə, “bugünkü dünya siyasətində kifayət qədər ikili standartlar var”.
“Cəmiyyətlərimiz və ölkələrimiz çox böyük çağırışlar, Türkiyədə çevrilişə cəhd edən FETÖ kimi terror təşkilatları ilə üzləşir. Lakin mərd türk xalqı sayəsində bu baş vermədi. Əksər ölkələrimiz terrorçuluğa qarşı çıxış edir. Bilavasitə fiziki cəhətdən deyil, həm də ideoloji nöqteyi-nəzərindən. Yaxşı terrorçular olmur”, - nazir vurğulayıb.
M.Çavuşoğlu əlavə edib ki, Türkiyə “dünyanı hər birimiz üçün daha yaxşı etmək məqsədilə” Qoşulmama Hərəkatı ilə əməkdaşlıq etməyə hazırdır. **
F.İsazadə