ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə səylərini aktivləşdirməlidir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini aktivləşdirməlidir. Azərbaycan prezidenti İlham Əliyev mütəmadi olaraq bütün beynəlxalq meydançalarda çıxışları zamanı Azərbaycan ərazilərinin işğal olunması və 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına dair məsələni qaldırır. Türkiyə öz növbəsində bütün bu məsələlərdə Azərbaycanın yanındadır və BMT, ATƏT, Avropa Şurasında rəsmi Bakının mövqeyini dəstəkləyir”, - M.Çavuşoğlu bu gün Bakıda jurnalistlərə bildirib.
Bununla belə, nazir beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına dair bəyanatlarının Ermənistan tərəfindən məhəl qoyulmamasına təəssüflənib.
M.Çavuşoğlu vurğulayıb ki, Ankara Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinın tərəfdarıdır. “Biz hər zaman bəyan etmişik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır”, - o əlavə edib. **
F.İsazadə