Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə şəxsi münasibətlərini ikitərəfli əməkdaşlığın uğurlu inkişafının mühüm amili hesab edir.
“Şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir”, - deyə o, “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, tez-tez baş tutan görüşlər, ikitərəfli və çoxtərəfli formatda əlaqələr ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır: “Bizdə qapalı mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik və ya görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bizim ikitərəfli münasibətlərin bu çox vacib amili dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da”.
İ.Əliyev bəyan edib ki, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi artır, tərəflər nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçirir. “Humanitar əməkdaşlıq çox geniş sahədir. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir”, - deyə prezident vurğulayıb.*
A.Əzizov