Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Yong Ho Ri azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğuladı.
Cümə günü E.Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Y.H.Rini qəbul edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Koreyanın xarici işlər naziri ikitərəfli əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd etdi”, - məlumatda bildirilir.
O həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan arxitekturlarının səfərinin mümkünlüyünü qeyd etdi.
E.Məmmədyarov öz növbəsində ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırdı.
“Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar”, - XİN-dən qeyd ediblər. **
A.Əzizov