Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Türkiyə qoşunlarının Afrindən çıxarılmasının zəruri olduğunu deyib.
"Türkiyə qoşunlarını Afrindən geri çəkməlidir. Ümidvaram ki, bu məsələdə Türkiyə hökumətinə təzyiq göstəriləcək", - deyə o, bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransında bildirib.
Daimi nümayəndənin sözlərinə görə, Türkiyə, Rusiya və İran liderləri bir neçə gün bundan əvvəl Ankarada görüşüblər. Görüşdə Suriya ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Bu razılaşmaların hər üç ölkə arasında koordinasiyası vacibdir", - deyə B.Cəfəri əlavə edib.
O vurğulayıb ki, Türkiyənin Afrin əməliyyatları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin və Qoşulmama Hərəkatının prinsiplərinin pozulması deməkdir və hərbi təcavüz kimi təsnif edilir.*
F.İsazadə