Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib ki, Dəməşq heç zaman İsrailin Holan yüksəkliklərini işğal etməsi ilə barışmayacaq.
“Biz heç vaxt Holan yüksəkliklərinin işğalı ilə barışmayacağıq”, - B.Cəfəri bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Onun sözlərinə görə, İsrail qonşu ölkələrin işğalına görə cəzasız qalır. “İsrail Suriyanın Holan yüksəklikləri, Fələstin və Livanın bir hissəsini işğal edib. Mülki əhaliyə qarşı cinayətlər davam edir, müxtəlif terror qruplaşmalarına dəstək göstərilir. Fələstinlilərə gəlincə isə, biz onların öz müqəddəratlarını təyin etmək hüquqlarını dəstəkləyirik”, - B.Cəfəri bildirib. **