2018-ci ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları $2,2 mlrd. artıb. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yekunları üzrə Azərbaycanın valyuta ehtiyatları $42 mlrd. təşkil edib.
“Birinci rüb ərzində ehtiyatların artımı $2,2 mlrd. təşkil edib”, - E.Rüstəmov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Beləliklə, aprelin əvvəlinə valyuta ehtiyatları $44,2 mlrd. təşkil edir.
E.Rüstəmov qeyd edib ki, cari il ehtiyatların artımı neftin qiymətləri və onların dəyişməsindən asılı olacaq. “Birinci rübdə valyuta ehtiyatlarının artımına AÇG səhmdarlarının $450 mln. məbləğində bonus ödənişləri də müsbət təsir göstərib”, - o vurğulayıb.
AMB sədri əlavə edib ki, cari şəraiti qorumaqla və birinci rüb ərzində artım hesabına ölkənin ehtiyatlarının $8 mlrd. səviyyəsində artacağını ($50 mlrd.-a qədər - İF) gözləmək olar.
“Bununla biz ilin yekunları üzrə valyuta ehtiyatlarının mühüm dərəcədə artacağını gözləyirik. Xüsusən ona görə ki, biz vəsaitləri qənaətlə sərf etmişik və (ARDNF-dən - İF) dövlət büdcəsinə transfertləri, həmçinin ölkəyə malların idxalını mühüm dərəcədə azaltmışıq”, - E.Rüstəmov bildirib. **
N.Abbasova