Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazanın yaradıldığını bəyan edib.
“Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul ediblər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.“Heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik”, - prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur.“Biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir”, - o əlavə edib.
Prezident bildirib ki, Azərbaycan bundan sonra da ən müasir silah, sursat, texnika alacaq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir. “Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik”, - dövlət başçısı qeyd edib. **
A.Əzizov