“Azərişıq” ASC Bakının mərkəzində inşa ediləcək çoxsaylı binaların, yol infrastrukturunun enerji tələbatının ödənilməsi üçün 110 kV-luq yarımstansiya inşa etməyi və 110 kV-luq ikidövrəli kabel xətti çəkməyi planlaşdırır. Bu barədə cəmiyyətin sədri Baba Rzayev məlumat verib.
“Füzuli meydanı ətrafı və “Sovetski” adlanan ərazidə inşa ediləcək çoxsaylı binaların, yol infrastrukturunun enerji tələbatının ödənilməsi üçün əlavə güc mənbəyi olmadığından, bir ədəd 110 kV-luq yarımstansiyanın və 110 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Bu məqsədlə torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanaraq müvafiq razılıqlar alınıb”, - deyə o, aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Sədr qeyd edib ki, “Ağ Şəhər” layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb, ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin olunub. Hazırda layihənin növbəti mərhələsi üçün hazırlıq işləri davam etdirilir.
“Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır. Almaniyanın bu sahədə ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır”, - deyə B.Rzayev vurğulayıb.
Onun sözlərinə görə, texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə, endirilməklə, “Azərişıq” üzrə 9,6 faiz təşkil edib. Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, “Azərişıq” üzrə 93 faizə çatdırılıb.*
N.Abbasova