1 aprel 2018-ci il tarixinə Azərbaycanda pensiyaların orta aylıq məbləği 218,03 manata (cari məzənnə ilə $128,2) bərabərdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
«Aprelin 1-nə əmək pensiyalarının orta aylıq məbləği 218,03 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 244,36 manat təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə orta aylıq pensiya məbləği 8,8% artıb», - deyə məlumatda bildirilir.
Azərbaycanda orta aylıq pensiya orta aylıq əmək haqqının 46,5%-ni təşkil edir.
2018-ci il aprelin 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 313 min nəfərdir (respublika əhalisinin 13,3%-i). Onların 58,8%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,7%-i isə əlilliyə görə pensiya alır.*
A.Əzizov