Mənzil İnşaatı Dövlət Agentliyi Bakının Yasamal rayonunda güzəştli mənzil kompleksinin ərazisinin genişləndirilməsi layihəsini hazırlayır. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri SamirNuriyev deyib.
“Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı.Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır”, - S.Nuriyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb.
“Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə orta təhsil məktəbi və uşaq bağçası tikilməkdədir”, - S.Nuriyev qeyd edib. **
N.Abbasova