2018-ci ilin mart ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 794 min barel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
"Mart ayında Azərbaycanda gündəlik neft hasilatı 794 min barel olub. Bunun 740 min barelini xam neft, 54 min barelini kondensat təşkil edib”, - məlumatda bildirilir.
Nazirlikdən bildirilir ki, Azərbaycan OPEC+ razılaşmaları çərçivəsində hasilatı azaltmaqla bağlı götürdüyü öhdəliyi mart ayında yerinə yetirib.
Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə orta sutkalıq neft hasilatı 781,9 min barel olub.
2018-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 814,6 min barel, fevralda 806 min barel təşkil edib.
Həmçinin nazirlikdən qeyd ediblər ki, mart ayında Azərbaycandan xammal neftinin gündəlik ixracı 629,6 min barel, 54 min barel kondensat və 10,6 min barel neft məhsulları təşkil edib. **
N.Abbasova