“AzerGold” QSC 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20 min metrdən çox təşkil edəcək. Bu barədə QSC-dən məlumat verilib.
“Hazırda “AzerGold” tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir. Bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20 min metrdən çox təşkil edəcək”, - məlumatda deyilir.
Cari ildə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” sahəsində buruq-qazma işlərinin başlanması planlaşdırılır.
Bundan əlavə, oksid mərhələsi çərçivəsində istismarı davam edən “Çovdar” mədəninin növbəti mərhələsi olan sulfid mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə davam etdirilir. Sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub.
“Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə “Çovdar” yatağından 5-7 kilometr məsafədə yerləşən “Ağyoxuş” perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb”, - məlyumatda qeyd olunur.
O cümlədən, Balakən rayonu ərazisində yerləşən “Köhnəmədən” perspektivli sahədə “Filizçay” və “Mazımçay” yataqlarında geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir.
“Filizçay” yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. “Filizçay” yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin II rübündə hazır ediləcək”, - məlumatda vurğulanır.
“Mazımçay” yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılıb. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. “Mazımçay” mis yatağının resurslarının artırılması və təsdiqlənməsi “Filizçay” layihəsinin iqtisadi səmərəliliyini artıra bilər. **
N.Abbasova