Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərini müşahidə etmək üçün 51 xarici KİV təmsilçilərini akkreditasiya edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
"Azərbaycanda keçirilən prezident seçkilərini Xarici İşlər Nazirliyi vasitəsilə MSK-ya müraciət etmiş 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Yerli KİV-in akkreditasiyadan keçməsinə ehtiyac yoxdur.
M.Pənahovun sözlərinə görə, səsvermə günü arzuolunmaz halların qarşısını almaq üçün MSK polislə birgə xüsusi treninqlər (o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində) keçirib.
MSK sədri, həmçinin səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikadakı fərqə də aydınlıq gətirib. “Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq bu şəxslər seçki günü adlarını siyahıya sala bilərlər”, - deyə o əlavə edib.*
F.İsazadə